Shovqiyar Abdullayev
................
  Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin ruhu şad olsun!
 
.

Tərcümeyi-hal, yaxud qısa ömür yolunun yaddaqalan parıltıları

Təvəllüd tarixi: 13 (05) aprel 1969-cu il. Doğulduğu məkan: Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndi (Göyçə gölünün Şərq qurtaracağına söykənmiş əzəmətli bir kənd).

Təhsili haqqında: Doğma kəndindəki orta məktəbi 1986-cı ildə əla qiymətlərlə bitirərək həmin il Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Avtomatika və hesablama texnikası fakültəsinin 656 az qrupuna daxil olmuşdur.

1987-ci ilin yanvar ayında I semestrin imtahanlarından reportaj hazırlanmış «Politexnik» adlı geniş tirajlı institut qəzetində Şövqiyarın qiymət kitabçasına ikinci «əla» qiymətin yazılması barədəki qeydlər onun ali məktəb fəaliyyəti haqqında sevindirici xəbər verirdi. İmperiya dövründə gənclərin təhsil yoluna çəpər çəkən bir qanun vardı ki, çağırış yaşı çatan bütün gəncləri təhsili yarımçıq qoyub hərbi hissəyə aparırdılar. Birinci kursu bitirib ikinci kursa keçən Şövqiyarı 1987-ci ilin payızında hərbi hissəyə çağırdılar.

Yola düşməzdən əvvəl valideynləri ilə görüşmək üçün Şövqiyar Göyçəyə doğma kəndlərinə gəlmişdi. Son dəbə əsasən bütün dost-tanış, qohum-əqraba, məktəb yoldaşları və müəllimlər onunla görüşə təşkil olunmuş böyük ziyafətə toplaşmışdı.

Həmin ziyafətdə, qədim Göyçənin son şirinliyini dadırmış kimi, Şövqiyar dostları və yoldaşları ilə bütün gecəni səhərə kimi deyib-gülmək, yeyib-içmək, oynayıb şənlənməkdən zövq aldı. Xüsusən aşıq şerinə vurğunluqla qulaq asan bu gəncin sinəsində neçə-neçə dəyərli şer inciləri əzbər idi!

Əsgəri xidmətini Monqolustanda tank qoşunları sırasında tank komandiri kimi başa vuran Şövqiyar iki illik əsgəri xidmətdən qayıdanda -1989 –cu ildə ana yurdu Göyçə mahalı yağıların caynağına keçmiş, yurdun əsl sakinləri qovularaq yerində faşist xislətli yağılar at oynadırdı. 

Dağ başını qar aldı,

Gülüm soldu, saraldı.

Köç etdi el karvanı

Vətən qürbətdə qaldı

Bir qərib aşığın bu bayatı deyimi Şövqiyarın dilinin əzbərinə çevrildi. Vətənini, doğma ana-bacısını (yeri gəlmişkən, Şövqiyar gil 6 qardaş, 2 bacıdan ibarət şirin bir ailə idilər, onların sırasında Şövqiyar 3-cü evlad olsa da, ailədə hamı onunla hesablaşmalı olurdu) dərini bir ehtirasla sevən Şövqiyar Vətən həsrətini doğma yurdun nisgilini bir an unuda bilmirdi.

Yağı düşmənlərin son dönüklüyünü Şövqiyarın təhsilinə də təsirsiz qalmadı. Əvvəlki həvəs və ehtiraslardan, elmə olan qeyri-adi aludəlikdən Şövqiyarda elə bil əsər-əlamət qalmamışdı.

20 yanvar faciəsi, vertalyotda vurulan görkəmli azərbaycanın oğullarının itkisi, tarixdə misli-bərabəri olmayan Xocalı faciəsi vətən və millət təəşşübkeşi olan Şövqiyarı bütün varlığı ilə sarsıtdı.

Ürəkaçan işlərdən xüsusi zövq alması ilə bərabər faciələrdən hədsiz kədərlənməsi ilə də Şövqiyar hamıdan seçilirdi. Şuşa və Laçın itkisindən sonra onu dindirmək, danışdırmaq olmurdu. Dərslərinə müntəzəm davam etmir, gənclər hərəkatına qoşulur, günlərlə evə gəlmirdi….

1992-ci ilin mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək könüllü surətdə ordu sıralarına daxil oldu.

Onların tank bölməsi Ağdamda yerləşirdi. İlk döyüş aprelin 26-da Şelli istiqamətində oldu. Sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər apardılar.

1992-ci ilin avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə onun tank briqadası çıxarılaraq Drambon kəndinin müdafiəsinə kömək üçün göndərildilər. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edildi və ən böyük müvəfəqiyyət isə o oldu ki, mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizi mühasirə halqasından çıxara bildilər.

Həmin döyüşdə Ş.Abdullayevin tankı vuruldu və igid döyüşçü hər iki qılçasından qəlpə yaraları aldı. Onu Ağdamdakı hərbi qospitala çatdırdılar. Həkimlər ona qılçalarına dolmuş qəlpələri təmizləmək üçün Bakıya getməyi məsləhət görüb, müvəqqəti sarıq qoydular. Şövqiyar isə sarıqları açıb ataraq «Mən yoldaşlarımı odun-alovun içərisində qoyub heç yerə gedə bilmərəm, elə adamlar tanıyıram ki, bədənlərində Böyük Vətən müharibəsindən indiyə kimi qəlpə gəzdirir» - demiş və xəstəxanadan qaçaraq döyüş bölgəsinə gəlmiş, öz komandiri olduğu tanka qalxaraq son nəfəsinə qədər Vətən, yurd, torpaq uğrunda döyüşmüş, canını vurğunu olduğu doğma torpağa qurban vermişdir. O zamankı qəzetlər Şövqiyar Abdullayev Cəmil oğlunun igidliyindən çox yazmışdı.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli bir ada layiq görülən Şövqiyarın Azərbaycan, Aydınlıq, Vətən səsi, Azərbaycan müəllimi, Ziya, Şəhriyar, Bakı və s. qəzetlərdə döyüş yolundan bəhs edən yazılar getmiş Göyçə şəhidləri (Qədim Aslan), Azərbaycanın Milli Qəhrəmanları (Vüqar Əsgərov) Ağrıdağlı Qəhrəmanlar (Bilal Ənsər), Oğuz elinin müqəddəs ocağı Göyçə (Salman Vilayətoğlu) Ömür karvanı II hisə (Əli vəkil) və sair kitablarda onun xatirəsi yad edilərək əbədiləşdirilmiş, haqqında bir çox şer və poemalar da yazılmışdır.

Onun təltif olunduğu Azərbaycanın Milli Qəhrəmanının Qızıl ulduzunu ulu öndərimiz Heydər Əliyev qəhrəmanın valideynlərinə təqdim etmişdir.

1992-ci ilin 27 avqustunda Drambon döyüşündə qəhrəmancasına həlak olan Abdullayev Şövqiyar Cəmil oğlu 29 avqust 1992-ci ildə müqəddəs Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Yağılar əlində torpaqlarımız və əsirlikdə əzab çəkən ana və bacılarımız, igid oğullarımız azad olunarsa, bütün şəhidlər kimi, Şövqiyar Abdullayevin də ruhu şad olar!

 

. Shovqiyar Abdullayev
Ömür yolu
Kitab və məqalələr
Tarix
Yaradıcı heyət
Banner


 




2006-2012 © NuHuN