Shovqiyar Abdullayev
................
  Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin ruhu şad olsun!
 
.

«Torpaq, uğrunda ölən varsa, Vətəndir»
«Sizi qoyub gedə bilmərəm»

«Tanrı, dərd çəkməyə səbr dözüm ver…» Hardansa yaddaşımda qalmış bu misranı təkrarlayaraq sonrakı sətirləri xatırladım:

Dərdlilər dünyada yarımpeyğəmbər,

Dərdsizlər dünyada yarıminsanmış…

Və beləcə şerin məna tutumunun təsiri ilə, bir az çəkinə-çəkinə gəlişimin məqsədini dedim. Cəmil müəllimin çöhrəsinin bürüyən qəm buludu elə bil daha da sıxlaşmışdı. Bəlkə də bir yerdə, bir məktəbdə çalışdığımız üçün, mənim qəlbimə dəymədən razılaşdı. Yoxsa dağ boyda oğul itirmiş ata üçün hansısa bir müxbir yazısının nə təsəllisi… Üzünü tutdu ki, ürəkdən qopan, gözlərdən axan yaşları Səkinə müəllimə (Bakıdakı 9 nömrəli məktəbin direktor müavini) ilə mən görməyim. Onunla görüşə bir də üç gün sonra getdim. Verdiyi qovluqda üç qəzet yazısı, 5 sənəd vardı. Doğum haqqında şəhadətnamədən; Abdullayev Şövqiyər Cəmil oğlu 1969-cu il aprel ayının 13-də Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Respublika Müdafiə Nazirliyi N hərbi hissənin komandiri E.Orucovun imzası ilə verilmiş arayışda cəmi 2 cümlə var: …Ağdərə rayonunun Dranbon kəndində gedən döyüşdə 27 avnqust 1992-ci il tarixdə qəhrəmancasına həlak olmuşdur.

Ölüm haqqında şəhadətnamənin standart formasında nəzərimli ilk cəlb edən 23 rəqəmi oldu: Şövqiyar Abdullayev 23 yaşında həlak olmuşdur. Azərbaycan Texniki Universiteti avtomatika və hesablama texnikası fakültəsinin dekanı, professor X.Bayramovun imzası ilə verilmiş xasiyyətnamədən: Ş.C.Abdullayev. 1986-cı ildə AzTU-nun avtomatika və hesablama texnikası fakültəsinin elektron hesablayıcı maşınlar ixtisası üzrə əyani şöbəsinə daxil olmuşdur. I kursun semestr imtahanlarını əla qiymətlərlə başa vurmuşdur. 1987-1989-cu illərdə hərbi xidmətdə olarkən ailələri doğma Göyçə torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır. Ordu sıralarından qayıdandan sonra, o Vətən eşqi ilə yaşamış, daim fikirli və dalğın görünmüşdür. Ümumi düşmənə – ermənilərə qarşı mübarizə aparmaq onun əsas məqsədi idi. Bu ehtirasla, yanğıyla o, 1992-ci ilin martında könüllü olaraq Milli Ordu sıralarına daxil oldu…

Ş.C.Abdullayev təhsil müddətində fakültə və universitetin ictimai həyatında fəal iştirak etmiş, nümunə olmuşdur.

Saralmış bir qəzetdə. Politexnik adlı məktəb qəzetində dərc olunmuş Sakit, imtahan gedir adlı kiçicik bir yazını Cəmil müəllim tutya kimi saxlayır. İlahi, insanda bu qədər səbr, bu qədər istək olarmış! Görünür, haçansa bu qəzeti Şövqiyar sevinc və iftixar hissi ilə Ələsgər soraqlı Göyçəyə göndəribmiş. Göndəribmiş ki, 6 oğul, 2 qız atası olan Cəmil Qurban oğlu ilə anası Firuzə Abbas qızı fərəhlənsinlər. Qələm dostum Müzahim Ələkbərovun reportajında deyilir ki, avtomatika və hesablama texnikası fakültəsinin I kurs 656 a 2 qrupunun tələbələri fizika fənnindən imtahan verirdilər. Tələbələrdən bir neçəsinin adını baş hərfi və soyadları göstərilib. Sonrakı cümləsi belədir: «Şövqiyar Abdullayevin qiymət kitabçasına ikinci əla yazıldı».

Çox tirajlı qəzetdə bu yazı 1987-ci ilin 20 yanvarında verilib. Onda hələ Dağlıq Qarabağ məsələsinə bir il bir ay var idi. Onda hələ xristian dünyasının islam dünyasını zəncirvari reaksiya kimi uzanacaq qan və ölüm girdabına salmaq üçün hazırlıq gördüyü zamanlar idi. Hələ Reyqanla Qorbaçov Malta görüşünə hazırlaşırdılar: Vatikanda hazırlanan məkrli plan tarixi seçimi daz başında seçilən qanlı hökmdar Qorbaçova hələ ətraflı başa salınmamışdı. Onda nə İraq müharibəyə salınmışdı, nə də Bosniya-Hersoqovinaya qan dənizində boğulmurdu. Onda xristian dünyası hələ xəbis, kinli və namərd bir plan tuturdu. Bu qanlı oyunda vasitə soykökü qarışıq, yurdu bəlli olmayan, tarix boyu millətlər əlində oyuncaq- vasitə olmuş ermənilər ilk rolunu hələ oynamamışdı, Şahnazarovla Balayan…kimi rejissorların rəhbərliyi altında məşq gedirdi….

Cəmi 23 il yaşadı Şövqiyar. Və bu 23 ildən sonra bir ailə, onu tanıyanlar və döyüş yoldaşları üçün xoş xatirələr qalıb. Balayanın, Kaputikyanın, Əlixanyanın, Qorbaçovun ömür yollarısa iki qərinəni, az qala üç rübü haqqlayıb. Nə qalacaq onlardan sonra? Tarixin hansı anındasa durulub saflaşacaq hər şey və lənətlər, nifrətlər, hiddətlər axarında bu adlar iblis, şeytan anlayışlarına bərabər tutulacaq. Haçansa ulu Tanrı həqiqət və ədalət cələngini «Şərqdə həqiqət» kimi mənalandırılan türk, dünyasına, islam dinli fədakar xalqa nəsib olacaq! Və bu həqiqət yolunda dünyasını dəyişənlərdən, torpaq uğrunda şəhid olanlardan, qazilərə çevrilənlərdən söhbət düşəndə Şövqiyar Cəmil oğlu da yada düşəcək.

….. Onların tank zavodu Ağdamda yerləşirdi. İlk döyüş aprelin 26-da Şelli istiqamətində oldu. 3 gün sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvnik kəndləri uğrunda döyüşlərdə iştirak etdilər. Avqustun 23-də onlar komandirin əmri ilə Dranbon kəndinin müdafiəsinə kömək üçün göndərildilər. Ömrümüz illə, ayla, bəzən dəqiqələrlə ölçülür. Yarımca saata Dranbonu düşməndən təmizləyən Milli Ordu əsgərləri 25 avqustda ermənilərin güclü müqavimətinə rast gəldilər. Bir xeyli atışmadan sonra Şövqiyar Abdullayevin tankı düşmən tərəfindən vuruldu, tank komandiri ayağından yaralandı. Lakin döyüş davam etdirildi. Erməni piyadaları xeyli tələfat verəndən sonra geri çəkildi. Cəbhədəki sakitlikdən istifadə edib starşina Abdullayevi Ağdam qospitalına çatdırdılar. O isə batalyon komandirinin icazəsinə etiraz etdi, evə qayıtmadı, Bakıya qayıtmadı. Avqustun 27-də saat 15-də bizim mövqelərimizə edilən hücum piyadaların sırasını azaldırdı. Tankçılar köməyə yetdilər. Torpaq uğrunda döyüş uzun çəkdi, piyadalar labüd ölümdən xilas oldular.

Döyüşün sonunda Şövqiyarın tankı vuruldu. Şəhid komandiri Qabil Süleymanov ekipajı təcili yardım maşınına çatdırdı. Qabil, Bəxtiyar Dəmirov və daha üç döyüşçü təcili yardım maşını ilə heç 50-60 metr getməmiş qaubitsa ilə onları vurdular.

Bəxtiyar yaralandı və döyüş meydanına, şərti desək, sakitlik çökəndə ürəkparçalayan bir səhnənin şahidi oldular sağ qalanlar. Qabillə Şövqiyar qol-boyun düşüb qalmışdılar.

Abdal-Gülablı, Papravənd, Cinli, Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz uğrunda döyüşlərdən salamat çıxan Şövqiyar Cəmil oğlu ölümə Dranbonda can Verdi. Sizi qoyub gedə bilmərəm deyibmiş yaralananda onu Bakıya göndərmək istəyənlərə. Amma vaxtsız ölmü onu döyüş dostlarından ayırdı. Avqustun 29-da Şəhidlər xiyabanında torpağa tapşırılanlar sırasında Şövqiyar Cəmil oğlu Abdullayev də oldu.

………O vaxtdan üç ay yarım keçib. Və bu günlər ərzində onun haqqında iki qəzet məqaləsi dərc edilib. Hisə komandiri Surət Hüseynovun imzası ilə Milli Qəhrəman Adı almağa təqdim olunub. Bir ana qəlbində, bir ata varlığında bir nakam oğul dağı qövr eləyir. Bir cüt bacının göz yaşlarına yəqin ki, gizli bir sevginin nisgili, nakam yanğısı da qarışıb. Neçə belə nakam məhəbbət göyərdəcək bu torpaq…… Torpaq təzələnəcək, nəsillər dəyişəcək, nə bu illər unudulacaq, nə də Şəhidlər xiyabanında uyuyanların xatirələri yaddan çıxacaq…. və bu xatirələr sırasında Sizi qoyub gedə bilmərəm kəlmələri ilə dostluq və yaddaşlıq dünyasına yeni səhifə yazmış Şövqiyar Cəmil oğlu ilə bağlı hansısa bir əfsanə – rəvayət də səslənəcək….

Ş.MƏMMƏDOV

. Shovqiyar Abdullayev
Ömür yolu
Kitab və məqalələr
Tarix
Yaradıcı heyət
Banner


 




2006-2012 © NuHuN