Shovqiyar Abdullayev
................
  Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin ruhu şad olsun!
 
.

Yaralı pələng döyüşdədir

Qədim Göyçə mahalının Nərimanlı kəndində 13 aprel 1969-cu ildə Abdullayevlər ailəsində 3-cü oğul dünyaya gəldi. Qohum-qonşu toplaşıb ona Şövqiyar Adı qoydular. Göyçə dağlarında iməkləyə-iməkləyə böyüdü, dizləri bərkidi. Birinci sinifdə Eyvaz Əhmədov əlindən tutub A yazdıranda elə bildi ki, dünyaları öyrəndi. Hər pilləkəni qalxdıqca yeni aləmə düşürdü. 10-cu pilləkəndə, son zəngdə müəllimləri uşaqları sərbəst həyata yola salanda, Şövqiyar ali məktəbə girəcəyini qarşısına məqsəd qoyub, 1986-cı ildə Bakıya gəldi. Texniki universitetin elektron hesablama fakültəsinə qəbul olunduğunu eşidəndə anası Füruzə xala xeyli sevindi.

Şövqiyar oxudu. Birinci kursu əla qiymətlərlə bitirdi. 1987-ci ilin payızında hərbi komissarlıqdan çağırış vərəqəsi aldı. Universitetin qəzetində «Qiymət kitabçasına 2-ci əla yazıldı» başlığı ilə Şövqiyara həsr olunmuş yazı verildi. Şövqiyar Göyçəyə gəldi. Əsgərliyə gedəcəyi barədə valideynlərinə məlumat verdi. Böyük məclis quruldu. Aşıqlar məclisə ruh verdi Şövqiyarın tay-tuşları səhərə qədər şənləndilər. Hamının bir arzusu var idi.

- Şövqiyar, sənə uğur olsun, sağ gedib salamat qayıdasan. Bax, bu buzov da o günə qurbandı, - dedi atası Cəmil.

Şövqiyar getdi. Təyyarə ilə Bakıdan Moskvaya, oradan isə Çitaya uçdu. Monqolustana getməyə hazırlaşırdılar ki, təşkil olunmuş şəkildə quldurlar onları soymaq üçün hücuma keçdilər. Şövqiyar üç nəfərlə quldurlara layiqli cavab verdi. Bu işi təşkil edən komandirin isə vəzifədən göütürülməsinə nail oldu. Onu Monqolustana gönədrdilər. Tank qoşunları hissəsinə düşdü.

1989-cu ilin fevralında Bakıda yaşayan qardaşlarından məktub aldı ki, ermənilər «Ermənistan» dan azərbaycanlıları silah gücünə qovdular. Bizimkilər də Bakıya gəliblər.

Bu hadisə Şövqiyara çox pis təsir etdi. Doğma yerlər, Göyçə dağları, Göyçə gölü, buz bulaqlar gözləri önünə gəldi.

Şövqiyar tərxis olunub Bakıya döndü. Evdə hamı ilə görüşsə də, anası Füruzəni görmədiyi üçün narahat oldu.

Bunu hiss edən atası Cəmil deyir:

- Narahat olma, oğul. Anan Biləcəri xəstəxanasındadır. Məni yandıran sənin qurbanlığın, dirəkdə bağlı qalan cöngə oldu.

Anası ilə görüşən Şövqiyar: «Ana, mən o ermənilərdən, intiqam almasam…» Qaşları çatıldı, barmaqları düyünləndi.

- Oğul, əvvəlcə təhsilini davam etdirməlisən, sonra….

- Təhsil nə vaxt olsa olar, anna. Bu ermənilər isə …

1990-cı il 20 Yanvar Şövqiyarın nifrətini daha güclü alovlandırdı. Xalq hərəkatına qoşuldu. Müvazi olaraq təhsilini davam etdirdi. Nəhayət, 22 fevral 1992-ci il ildə starşina Şövqiyar Milli Ordunun paltarlarını geydi. Aprelin 21-də isə tank komandiri vəzifəsində Ağdama yola düşdü. Beş gündən sonra Şelli istiqamətində ilk döyüşə girdi. Bacarığı və fərasəti ilə komandirlərin diqqətini cəlb etdi.

29 aprel 1992-ci ildə Gülablı qəsəbəsindəki çox böyük strateji əhəmiyyəti olan mövqeyi qorumaq Şövqiyara tapşırıldı. Mayın sonuna qədər Şövqiyar bu mövqeyi müdafiə etdi və düşmənə tez-tez zərbələr vurdu.

Şövqiyar Abdal, Arənzəminli, Pircamal, Naxçıvanik kəndlərinin alınmasında xüsusi qəhrəmanlıqlar göstərdi. Şəxsən Şövqiyarın təşəbbüsü ilə düşmənin əlində olan Abdal-Gülablı arasındakı yüksəklik tutuldu. Elə bu yüksəklikdən də görür və rabitəçilərdən eşidir ki, Qarakənd üzümlüyündə girov düşmüş qızlarımızın başına ermənilər necə oyun açırlar. Gecə düşənə qədər min-bir əzab çəkir, özünü güclə saxlayır.

Gecə saat 3 radələrində öz tank heyətini və başqa yoldaşları oyadıb heç bir əmr almadan:

- Qarakəndi tutmalı və oranı dağıtmalıyıq- deyir.

Hücum başlayır. Əsir qızlarımız: Biz daha kimə və nəyə lazımıq, deyib özlərini bizim tankların altına atırdılar.

Şövqiyargil qırdıqlarını qırır və 8 ermənini də girov götürüb öz mövqelərinə çəkiliərlər. Bununla da hirsləri soyumur.

1992-ci il avqustun əvvəlində Şövqiyar Bakıya gəlir. Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun dəfnində iştirak edir. Şəhidlər xiyabanında And içir ki, bacardığı qədər ölənlərin qanını artıqlaması ilə alacaqlar….

Döyüşlərdən birində Şövqiyarın qıçlarına qəlpələr dolur. Onu Ağdama aparırlar. İlk yardımdan sonra Bakıya aparılmasını məsləhət görürlər.

Ancaq fürsət tapıb Şövqiyar xəstəxanadan qaçır. Sarğıları öz əlləri ilə söküb tökür. 75 kilometrə qədər yol qət edib öz tankına çatır. Tankın heyəti onun gəlişinə sevinsələr də, yaralı olduğuna görə təəccüblənirlər:

-Yaralı pələng qisas almağa gəlib.- deyə dillənən də oldu.

Şövqiyar yenidən döyüşə girir. Tankı 4-cü dəfə vurulur. Tankın tırtılları yerindən çıxır. Mexanik də, tuşlayıcı da yaralanıblar. Əmrə görə onlar tankı tərk edirlər. Şövqiyar tuşlayıcının yerinə keçənə kimi yenidən yaralanır, o isə döyüşmək istəyir, tank tərpənmir, alovlanır. Yoldaşları təkid edirlər ki, Şövqiyar tankdan çıxsın. Ancaq onun buna imkanı yox idi.

Şövqiyar 20 avqust 1992-ci ildə Şəhidlər Xiyabanında dəfn edilir. Bir azəri qızının bəxt cümləsinə çox nöqtə, Şövqiyarın isə subay ömrünə son nöqtə qoyulur. Biz isə valideynlərinin, qardaş və bacılarının, onu tanıyan dostlarının arzularını ifadə edərək deyirik ki, Azərbaycan Dövlət Texniki Universitetinə onun adı verilsə, Şövqiyarın ruhu daha da şad olar.

BİLAL ƏNSƏR

 

. Shovqiyar Abdullayev
Ömür yolu
Kitab və məqalələr
Tarix
Yaradıcı heyət
Banner


 




2006-2012 © NuHuN